“NAXÇIVANXƏBƏRLƏRİ” xəbər portalının 10 illik yubileyi münasibətilə Babək Rayon İcra Hakimiyyəti tərəfindən kollektivə təbrik məktubu ünvanlanıb.

Təbrikdə vurğulanıb ki, “NAXÇIVANXƏBƏRLƏRİ” on ildir ki, informasiya cəmiyyətinin önündə gedən, cəmiyyətin nəbzini tutan və bölgə həyatını dolğun şəkildə əks etdirən etibarlı bir media orqanı kimi fəaliyyət göstərir. Saytın operativ və obyektiv xəbər təqdimatı, milli-mənəvi dəyərlərə sadiqliyi və ictimai məsuliyyət daşıyan mövqeyi Naxçıvan Muxtar Respublikasının informasiya məkanında ona xüsusi yer qazandırıb.

Babək rayonunda həyata keçirilən abadlıq-quruculuq işlərinin, ictimai təşəbbüslərin və vətəndaş fəallığının işıqlandırılmasının saytın bölgələrə verdiyi önəmin bariz nümunəsi olduğu qeyd olunub. Bildirilib ki, “NAXÇIVANXƏBƏRLƏRİ”nin diqqəti sayəsində Babək rayonunun sosial-iqtisadi inkişafı, mədəni həyatı və insan resursları daha geniş auditoriyaya çatdırılıb ki, bu da rayon üçün xüsusi əhəmiyyət daşıyır.

Təbrikdə həmçinin “NAXÇIVANXƏBƏRLƏRİ”nin ictimai rəyə dürüst və obyektiv yanaşan bir media qurumu olaraq fəaliyyətinin cəmiyyətin ümumi inkişafına töhfə verdiyi vurğulanıb. Sonda sayt kollektivinə yeni-yeni uğurlar, ictimai rəğbət qazanan layihələr və möhkəm yaradıcılıq enerjisi arzulanıb.

Qeyd edək ki, “NAXÇIVANXƏBƏRLƏRİ” 2015-ci ildən etibarən fəaliyyət göstərir və bu gün Naxçıvanın ən çox oxunan yerli media platformalarından biridir.