SON DƏQİQƏ

Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında iki tərəfli münasibətlər

1 481 baxış 4 dəq
Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında iki tərəfli münasibətlər

Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Azərbaycan bu ölkə ilə əlaqələrin inkişafına tarixən mühüm önəm vermişdir. Almaniya ilə Azərbaycan arasındakı tarixi əlaqələr XIX əsrin əvvəllərindən başlamışdır. Belə ki, 1817-1818-ci illərdə Çar Rusiyasında çar I Aleksandrın fərmanı ilə alman vətəndaşları Azərbaycan torpaqlarına yerləşdirilmişdir. Köçürülən almanlar Göygöl və Şəmkir kimi səfalı bölgələrimizdə məskunlaşmışdılar. XIX əsrin ikinci yarısından alman şirkəti "Siemens qardaşları" Azərbaycana ayaq açaraq 1865-ci ildə Gədəbəydə misəritmə zavodu və sonrakı dövrdə Daşkəsəndə kobalt zavodu tikdirmişdir. 1939-cu ilə qədər Azərbaycanda yaşayan almanların sayı 23,133 nəfərə çatmışdır.

Almaniya Federativ Respublikası Azərbaycanın müstəqilliyini 1992-ci ilin 12 yanvarında tanıyıb. Azərbaycan ilə Almaniya arasında diplomatik münasibətlər 1992-ci ilin 20 fevralında qurulub. 2 sentyabr 1992-ci ildə Azərbaycanın Almaniyada səfirliyi, 22 sentyabr 1992-ci ildə Almaniyanın Azərbaycanda səfirliyi açılıb. Diplomatik münasibətlərin yaranmasından sonra Azərbaycan və Almaniya arasında əlaqələr mütəmadi olaraq inkişaf edib.

Ulu öndər Heydər Əliyev 1-4 iyul 1996-cı il tarixdə Almaniya Prezidenti Roman Hersoqun dəvəti ilə bu ölkədə rəsmi səfərdə olmuş, səfər çərçivəsində ulu öndər Heydər Əliyev Almaniyanın prezidenti, kansleri, vitse-kansleri və digər hakimiyyət nümayəndələri ilə görüşlər keçirmişdir. Bu görüşlər zamanı ölkələr arasındakı əməkdaşlığın xüsusiyyətləri geniş şəkildə müzakirə edilib. Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı və münaqişənin sülh yolu ilə həlli məsələləri Azərbaycan Prezidentinin keçirdiyi görüşlərin əsas müzakirə mövzusu olubdur. 2001-ci ildə isə Almaniyanın xarici işlər zamanı Azərbaycanda olmuş bu görüş zamanı da əsas mövzulardan biri yenə Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsi olmuşdur.

Reklam
Reklamınız burada ola bilər +994 50 227 80 27

Münhen təhlükəsiz konfransında iştirak etmək üçün Azərbaycan Prezidenti  İlham Əliyev bir neçə dəfə Almanyada olmuş, iqtisadi, siyasi məsələlər müzakirə edilmişdir. Azərbaycan tərəfi bütün görüşlərdə Avropanın enerji təminatının şaxələndirilməsində, TAP, TANAP kimi nəhəng enerji layihələrinin həyata keçirilməsində, eləcə də “Şərq tərəfdaşlığı” Proqramında mühüm rol oynadığını göstərmişdir.

İqtisadiyyat sahəsinə gəldikdə, Azərbaycanla Almaniya arasında əlaqələr kifayət qədər inkişaf edib. Ticarət dövriyyəsi genişlənib, qarşılıqlı ixrac artıb. İki ölkə arasında enerji sahəsində də əməkdaşlıq yüksələn xətlə inkişaf edir. SOCAR və Almaniyanın “Uniper” şirkəti 2013-cü ildə uzunmüddətli qaz tədarükü haqqında müqavilə imzalayıblar. Son illərdə iqtisadi əlaqələrdə əhəmiyyətli irəliləyişlər müşahidə olunur. 2025-ci ilin ilk iki ayında iki ölkə arasında ticarət dövriyyəsi üç dəfə artmışdır, buna əsas səbəb kimi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artmasını götürə bilərik. Hazırda həm ənənəvi enerji, həm də yaşıl enerji sahəsində atılan addımlar bu əməkdaşlığı daha da dərinləşdirir. Cənab Prezidentin qeyd etdiyi kimi Almaniyanın texnoloji sahədə inkişaf etmiş şirkətləri ilə əməkdaşlıq Azərbaycan iqtisadiyyatının modernləşdirilməsində mühüm rol oynaya bilər.  Bir sözlə Almaniya, Cənubi Qafqaz regionunda Azərbaycanın əsas iqtisadi tərəfdaşıdır. Belə ki, iki ölkə arasında indiyə qədər 77 sənəd imzalanmışdır.

Bir neçə gün bundan öncə Azərbaycan prezidenti, Cənab Ali Baş Komandan İlham Əliyev və Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Bakıda görüş keçirmişlər. Görüş zamanı təkcə iki ölkə əlaqələri deyil regional və beynəlxalq məsələlərdə müzkirəyə cəlb edilmişdir. Buradan bir haşiyə çıxaraq qeyd etmək istəyirəm ki, bir zamanlar öz hüqularını (Dağlıq Qarabağ məsələsini) müzakirə edə bilməyən Azərbaycan artıq regional və beynəlxalq məsələri müzakirə etməyə başlayıb. Bu Azərbaycanın regionda bir süper güc olduğunun göstərgəsidir. Görüşün mühüm mövzularından biri də regional təhlükəsizlik məsələləri olub. Cənubi Qafqazdakı gərginliklər və Ermənistanla münasibətlərdəki vəziyyət və s. məsələlər müzakirəyə cəlb edilmişdir. Almaniya Prezidenti Ştaynmayer Cənubi Qafqazda sülhün təmin edilməsi, möhkəm sülhün qoruyub saxlanılması və bölgədəki gərginliyin azaldılması ilə əlaqəli Azərbaycanın fəaliyyətini dəstəklədiklərini bildirib.

İki ölkə arasındakı mədəni əlaqələrə gəldikdə isə bu gün Göygöldə və Şəmkirdə alman irsi qorunur, köhnə alman evləri, kilsələr və qəbiristanlıqlar saxlanılmışdır. 2009-cu ildə Azərbaycanda "Almaniya Mədəniyyət Həftələri" təşkil olunmuş, konsertlər, kino nümayişləri və digər tədbirlər reallaşmışdır. 2017-ci ildə Bakıda “Alman filmləri festvalı keçirilmişdir. Onu da qeyd edək ki, "Alman Mədəniyyət Mərkəzi-Goethe İnstitutu" Bakıda fəaliyyət göstərir və mütəmadi olaraq alman mədəniyyəti ilə bağlı tədbirlər təşkil edir. 2019-cu ildə Şəmkirdə Alman Mədəniyyəti Mərkəzi yaradılmışdır. Azərbaycan Almaniya şəhərləri ilə də əməkdaşlıq əlaqələrinin qurulmasına maraq göstərir. Belə ki, Bakı ilə Mayns, Sumqayıt ilə Lüdviqşafen şəhərləri “qardaşlaşıblar”.

İki ölkənin beynəlxalq müstəvidəki rolunu nəzərə alaraq, bu tərəfdaşlıq qlobal və regional təhlükəsizlik məsələlərinə müsbət təsir göstərir. Almaniya Azərbaycanın Avropada strateji əhəmiyyətini tanıyan bir tərəfdaş olaraq, ölkəmizin təhlükəsizlik sahəsindəki mövqeyini dəstəkləyir. İki ölkə arasındakı siyasi-iqtisadi görüş iki dövlət arasında tərəfdaşlığın yeni bir mərhələsini təşkil edir. 

Asəf ORUCOV

Ali Məclisin deputatı