Azərbaycan Xalq Cümhuriyyəti (AXC) çox mürəkkəb və çətin bir tarixi şəraitdə – Zaqafqaziya Seyminin dağılmasından bir gün sonra, 1918-ci il mayın 28-də Tiflisdə elan edilmişdir. Seymin 44 nəfər müsəlman nümayəndəsi Azərbaycanın müstəqilliyini bəyan edərək Azərbaycan Milli Şurasının yaradıldığını elan etdilər. Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri seçildi və həmin gün Azərbaycan Milli Şurası altı maddədən ibarət “İstiqlal Bəyannaməsi”ni qəbul etdi.

Yeni dövlətin hakimiyyət strukturu üç əsas qoldan – qanunverici (parlament), icraedici (hökumət) və məhkəmə hakimiyyətindən ibarət idi. Dövlət parlamenti Azərbaycan ərazisində yaşayan bütün xalqları, o cümlədən sayca az olan etnik qrupları da özündə təmsil edirdi. Hökumət parlament qarşısında məsuliyyət daşıyırdı.

1918-ci il iyunun 16-da Azərbaycan Milli Şurası və hökuməti Tiflisdən Gəncəyə köçürüldü. Qısa müddət sonra Milli Şura buraxıldı və bütün hakimiyyət Fətəli xan Xoyskinin rəhbərliyi ilə müvəqqəti hökumətə verildi. 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusunun köməyi ilə Bakı bolşevik və daşnak qüvvələrindən azad olundu. Sentyabrın 17-də isə paytaxt Gəncədən Bakıya köçürüldü.

1918-ci il noyabrın 16-da Milli Şura fəaliyyətini yenidən bərpa etdi. Bu iclasda Fətəli xan Xoyskinin təşəbbüsü ilə Müəssisələr Məclisinin çağırılması üçün hazırlıqlara başlandı. Noyabrın 19-da keçirilən iclasda Milli Şuranın tərkibi genişləndirildi və Azərbaycanın bütün xalqlarının nümayəndəlik prinsipi əsasında parlamentin yaradılması qərara alındı. Hər 24 min nəfər əhali üçün bir nümayəndə seçilməsi nəzərdə tutulurdu. Beləliklə, parlament 120 nəfərdən ibarət formalaşdı: 80 müsəlman, 21 erməni, 10 rus, 1 alman, 1 yəhudi nümayəndə.

Azərbaycan Parlamentinin ilk iclası 1918-ci il dekabrın 7-də Hacı Zeynalabdin Tağıyevin qız məktəbinin binasında keçirildi. Bu, müsəlman Şərqində ilk parlamentli respublika modeli idi. Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsənbəy Ağayev isə onun birinci müavini seçildilər. Parlament ilk iclasında Fətəli xan Xoyski hökumətinin istefasını qəbul etdi, lakin yeni hökumətin qurulmasını yenə ona həvalə etdi. 26 dekabrda F.X.Xoyski yeni hökumətin proqramını parlamentə təqdim etdi və bu proqram qəbul edildi.

Parlamentin fəaliyyətində bütün partiya və fraksiyalar iştirak edirdi. Onların əsas məqsədləri Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini və ərazi bütövlüyünü qorumaq, demokratik dövlət quruculuğunu təmin etmək, sosial islahatlar həyata keçirmək və güclü ordu formalaşdırmaq idi. 1918–1920-ci illərdə parlamentin 145 iclası keçirildi, 270-dən çox qanun layihəsi müzakirəyə çıxarıldı, onlardan təxminən 230-u qəbul edildi. Parlamentin iş prinsipləri "Azərbaycan Parlamentinin Nakazı" (təlimatı) ilə tənzimlənirdi. 11 daimi komissiya fəaliyyət göstərirdi.

Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq aləmdə tanınması üçün ciddi səylər göstərmişdi. İlk beynəlxalq müqavilə 1918-ci il iyunun 4-də Batumda Osmanlı imperiyası ilə imzalanmış "Dostluq müqaviləsi" oldu. Bu müqavilədə Osmanlı dövləti Azərbaycana hərbi yardım göstərmək öhdəliyini üzərinə götürdü. Batumda daha sonra imzalanan sənədlərlə Azərbaycan müstəqilliyinin Osmanlı və onun müttəfiqləri tərəfindən tanınması nəzərdə tutuldu.

I Dünya müharibəsindən sonra Parisdə keçirilən Sülh Konfransına Azərbaycan nümayəndə heyəti dəvət almasa da, diplomatik yolla iştirak etməyə çalışdı. Heyət 1919-cu ilin yanvarında İstanbula yola düşdü. Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ, Fransa, Böyük Britaniya, İtaliya və digər ölkələrin nümayəndələri ilə görüşlər keçirdi. Görüşlərin əsas məqsədi Azərbaycanın müstəqilliyini tanıtmaq, beynəlxalq ictimaiyyətin dəstəyini qazanmaq və ticarət-iqtisadi əlaqələr qurmaq idi.

1919-cu ilin iyununda Azərbaycan və Gürcüstan arasında hərbi müdafiə paktı imzalandı. Regionda mandat uğrunda mübarizədə böyük dövlətlərin maraqları toqquşurdu. ABŞ Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını dəstəkləyirdi. Azərbaycan nümayəndə heyəti bu iddiaların əsassız olduğunu bildirən notalar təqdim edirdi. Eyni zamanda, İranla da diplomatik münasibətlər qurulmuş, İran-Azərbaycan arasında saziş imzalanmışdı.

1920-ci ilin yanvarında Paris Sülh Konfransının Ali Şurası Azərbaycanın müstəqilliyini de-fakto tanıdı. Bu, Azərbaycan üçün mühüm diplomatik uğur idi. Mart ayında İranla imzalanan müqavilə isə müstəqilliyin de-yure tanınmasını rəsmi şəkildə təsdiqlədi.

Lakin bütün bu uğurlara baxmayaraq, 1920-ci il aprelin 28-də RSFSR-in hərbi müdaxiləsi nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Cəmi 23 ay fəaliyyət göstərmiş bu dövlət qısa müddətdə dövlət quruculuğu, parlamentarizm, diplomatiya və hüquqi islahatlar sahəsində böyük uğurlar əldə etdi və Azərbaycanın müstəqillik tarixinə şərəfli səhifə kimi daxil oldu.

Səfər ƏLİYEV

AMEA Naxçıvan Bölməsinin əməkdaşı