Oktyabrın 6-da Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (UNECE) tərəfindən təşkil edilən 5-ci Merlər Forumunda Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev çıxış edib.
"NAXÇIVANXƏBƏRLƏRİ"məlumat verir ki, Cabbar Musayev çıxışında bildirib ki, Naxçıvanda insanların sağlamlığı və rifahı əsas prioritetlər sırasındadır. O qeyd edib ki, hazırda Naxçıvan şəhərinin yeni Baş Planı dünyanın aparıcı şəhərsalma şirkətlərindən biri olan “Chapman Taylor” tərəfindən hazırlanır.
Yeni Baş Planın məqsədi şəhəri daha sağlam, yaşıl və əlçatan məkana çevirməkdir. Layihə çərçivəsində yeni parklar, yaşıllıqlar, ictimai məkanlar, velosiped zolaqları və piyada yollarının salınması nəzərdə tutulur.
Forumda çıxış edən Cabbar Musayev həmçinin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın muxtar respublikanın gələcək inkişafındakı mühüm rolundan danışıb. O, proqram çərçivəsində Naxçıvan şəhərində aparılan abadlıq-quruculuq işlərini, yeni çoxmənzilli yaşayış binalarının tikintisini və ictimai nəqliyyat sisteminin yenilənməsi məqsədilə 60 yeni elektrobusun alınacağını, eləcə də enerji doldurma məntəqələri və depoların inşa ediləcəyini vurğulayıb.
Çıxışının sonunda Cabbar Musayev Zəngəzur dəhlizinin yaradacağı yeni logistik imkanların Naxçıvanın gələcək inkişafına verəcəyi töhfələrdən bəhs edib:
“Zəngəzur dəhlizinin açılması şəhərimizin inkişafına, daha sağlam, yaşıl və firavan gələcəyin qurulmasına xidmət edəcək. Bu dəhliz regionun iqtisadi potensialını gücləndirməklə yanaşı, müasir və dayanıqlı şəhər modelinin formalaşmasına da təkan verəcək".
O əlavə edib ki, Zəngəzur dəhlizinin açılması Naxçıvanı birbaşa Azərbaycanla birləşdirəcək, şəhəri Asiya ilə Avropa arasında əsas beynəlxalq nəqliyyat marşrutlarına inteqrasiya edəcək, bununla da yeni investisiyalar, iş yerləri və regional əməkdaşlıq imkanları yaradacaq.