Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Culfa şəhəri M.Hüseynzadə küçəsində fəaliyyət göstərən “İnfiniti pub” kafesində aparılan dövlət nəzarəti tədbirləri zamanı bir sıra ciddi nöqsanlar müəyyən edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ"məlumat verir ki, yoxlama zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, sanitar-gigiyenik qaydalara əməl olunmadığı, bəzi məhsulların yararlılıq müddətinin bitdiyi, dezinfeksiya işlərinin aparılmadığı, mal qonşuluğu prinsipinə riayət olunmadığı, eləcə də işçilərin tibbi müayinədən keçmədiyi aşkar edilib.

Aşkarlanmış çatışmazlıqların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib və pozuntular aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb. Agentlik bildirir ki, bu kimi halların qarşısını almaq məqsədilə qida obyektləri dəfələrlə maarifləndirilib və göstərişlərlə təmin olunub.

İstehlakçı hüquqlarının qorunması istiqamətində nəzarət tədbirlərinin davam etdiriləcəyi və aşkar olunan pozuntularla bağlı zəruri hüquqi tədbirlərin görüləcəyi vurğulanıb.