Dərin əxlaqi-mənəvi dəyərlərin işığında bir düşüncə yazısını oxucularımla paylaşmaq istəyirəm. Cəmiyyətin bəzən şəhvəti sevgi ilə səhv salması, mənəvi dəyərlərin pozulması, insana mənəvi ziyan, daxili boşluq, itirilmiş hörmət və sevgi kimi ağır nəticələrə səbəb olur.

Müasir dövr texnologiya və informasiya əsridir. Sosial media platformalarında, film və seriallarda, musiqi və reklamlarda,  televiziya kanallarındakı səviyyəsiz və əxlaqa zidd olan verilişlərdə, hətta gündəlik həyatımızda belə sevgi adı altında şəhvətə əsaslanan münasibətlər tərənnüm olunur. Bədənə olan maraq, xarici görünüşə vurğunluq, ani həzz axtarışları bir çox gəncin düşüncə tərzinə təsir edir. Nəticədə, xüsusilə gənc nəsil eşqi daha çox fiziki yaxınlıqla əlaqələndirməyə başlayır. Bu zaman isə əxlaqi dəyərlər gözdən düşür. İnsanlar bir-birinə alət kimi baxmağa başlayır, münasibətlər maddi və fiziki ehtiyaclara əsaslanır. Belə bir mühitdə də saxta eşq hökm sürür. Beləliklə, mənəvi dəyərlər, ailə bağları, insanlıq məsuliyyəti kölgədə qalır. Halbuki insanı heyvandan fərqləndirən əsas cəhət onun ağlı, mənəviyyatı və nəfsinə qalib gəlmək bacarığıdır.

Bu dövrdə sevgi, eşq, münasibət anlayışları dəyər və məna baxımından çox ciddi şəkildə qarışdırılmış vəziyyətdədir. İnsanlar bəzən şəhvəti eşq, ehtirası isə sevgi adı ilə təqdim edir. Mövcud vəziyyətin gətirdiyi mənəvi və əxlaqi pozuntular isə cəmiyyətin əsas sütunlarını zəiflədir. Bu cür yanaşma, insanın öz instinktlərinə boyun əyməsi və ruhani təkamüldən uzaqlaşması, əxlaqi dəyərlərə dönüş və mənəvi oyanışa ehtiyacın olması deməkdir.

Eşq - saf və ali bir duyğudur. O, qarşılıqlı anlayış, etibar, fədakarlıq, sədaqət, mənəvi və ruhani bağlılıq üzərində qurulur. Eşqdə insan qarşı tərəfi özü üçün deyil, özü ilə birgə görür. O, sadəcə hiss deyil, həm də məsuliyyətdir. Sevən insan qarşısındakı şəxsin ruhuna bağlanır, onunla birgə inkişaf etmək, onu qorumaq, sevmək və yaşatmaq istəyir. Eşqdə ehtiram var, hörmət var, sabitlik var. Əsl sevgi, yəni eşq, ruhun qidasıdır; o, insanı ucaldar, mənalandırar, kamilləşdirər. Zaman-zaman bəşəriyyət sevgi haqqında fikirlər söyləyib, eşq dastanları yazıb, poeziyada və fəlsəfədə bu duyğunu ucaldıb. Lakin müasir dövrdə sevgi və şəhvət anlayışları arasında sərhədlərin getdikcə silindiyini müşahidə edirik. Dəyərsizləşmiş duyğuların adına "eşq" deyildikcə, münasibətlər cismani tələblərlə məhdudlaşdıqca, insan da mənəvi dəyərlərdən uzaq düşür. Onu qorumaq isə hər birimizin məsuliyyətidir.

Şəhvət isə yalnız cismani istəkdir, müvəqqətidir, dayazdır və məqsədi qarşı tərəfin ruhu deyil, bədəni üzərində hökmranlıqdır. Şəhvət bir alov kimi tez alışar və tez də sönər. Daha çox fiziki istəklərlə bağlı olan, ani ehtirasların nəticəsi kimi ortaya çıxan bir haldır, münasibəti dərinləşdirməz, əksinə, onu yüzlərlə başqa münasibət içində itib-batmağa məhkum edər və uzunmüddətli münasibətlərin təməli ola bilməz. Əgər biz şəhvəti sevgi kimi qəbul ediriksə, nəfsin hökmranlığına təslim olur, öz insanlıq məqamımızdan uzaqlaşırıq. Bugünki informasiya bolluğunda sevgi adı altında tez-tez şəhvət təqdim edilir. Romantika adı altında sadəcə ehtirasa əsaslanan münasibətlər təbliğ olunur. Yaxşı atalar sözü var, “Şəhvətin adı eşq olsaydı, eşşək insanların şahı olardı". Əgər şəhvətə "eşq" adı verilsəydi, deməli ən çox şəhvani istəklə yaşayan, instinktlərlə hərəkət edən varlıq, yəni eşşək insanların içində ən ali məqama çatardı. Burada məqsəd heyvanı təhqir etmək deyil, insanın öz əxlaqi səviyyəsini sorğulamasıdır. Halbuki, cəmiyyətimizdə elə varlıqlar var ki, onlara eşşək demək heyvana hörmətsizlik olardı. Əgər insan öz ağlını, vicdanını, duyğularını bir kənara qoyub sadəcə instinktləri ilə yaşayırsa, o zaman onunla  heyvan arasında heç bir fərq qalmaz.

İnsan cəmiyyətinin davamlılığı üçün sağlam ailə modeli, doğru münasibət anlayışı və əxlaqlı nəsil yetişdirilməsi vacibdir. Bunun üçün məktəb və ailədə tərbiyə əsaslı şəkildə qurulmalı, yalnız akademik deyil, mənəvi təlim də ön plana çəkilməlidir. Gənc nəslə sevgi və şəhvət arasındakı fərq aydın şəkildə izah olunmalı, televiziya və radio verilişlərində maarifləndirmə işləri genişləndirilməlidir. Həmçinin sosial mediada da bu fərq aydın və açıq şəkildə ifadə olunmalıdır.

Cəmiyyət olaraq biz sevgi ilə şəhvəti ayırd edə bilməsək, ailə institutları zəifləyər, insanlar bir-birinə inamını itirər, qısa müddətli münasibətlər həyatı mənasızlaşdırar. Sevgi müqəddəs bir duyğudur və onu yalnız bədənə deyil, ruha da yönəltmək lazımdır. İnsan dediyimiz varlıq ruhuyla dəyərlidir, yemək-içmək, törəmək heyvana da xas olan xüsusiyyətdir. Ona görə də, hər birimiz bu həqiqəti dərk etməli, nəfsə deyil, qəlbə qulaq asmağı öyrənməliyik. Çünki insanı insan edən instinktləri deyil, mənəvi dəyərləridir.

Əlövsət HÜSEYNQULİYEV

AŞPA-nın üzvü statusuna malik olan

Beynəlxalq Antiterror Birliyi Prezidentinin müşaviri