Bu gün Naxçıvan Muxtar Respublikasında genişmiqyaslı islahatlar aparılır və yeni layihələr icra olunur. Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən bu regionun inkişafı daim diqqət mərkəzində saxlanılır.
Millət vəkili, iqtisadçı Vüqar Bayramov Naxçıvanda yaradılacaq azad iqtisadi zonaların əhəmiyyətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə danışaraq, bunun ticarət və logistika imkanlarını genişləndirəcəyini, eləcə də muxtar respublikanın investisiya cəlbediciliyini artıracağını bildirib.
Onun sözlərinə görə, Naxçıvanın iqtisadi inkişafı üçün bu addım mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, Prezident İlham Əliyevin 5 iyun 2023-cü il tarixli sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Bu proqramda 11 prioritet istiqamət müəyyən edilib ki, onlardan biri də Naxçıvanda azad iqtisadi zonanın yaradılmasıdır. Həmçinin ölkə başçısının müvafiq fərmanı ilə Naxçıvanda yaradılacaq Sənaye Parkı da bu baxımdan perspektivləri artıracaq.
Vüqar Bayramov həmçinin vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması ilə Naxçıvan mühüm logistik və nəqliyyat qovşağına çevriləcək. Bu proseslə paralel olaraq muxtar respublikada azad ticarət zonasının yaradılması isə iqtisadi inkişafa mühüm töhfə verəcək.
Ekspertin fikrincə, bu layihələrin həyata keçirilməsi Naxçıvanın beynəlxalq ticarət və nəqliyyat şəbəkələrinə inteqrasiyasını daha da sürətləndirəcək.
Qeyd: Naxçıvan Muxtar Respublikasında Azad İqtisadi Zonanın yaradılması məsələsi daha da aktuallaşıb. Bu səbəbdən dolayı Vüqar Bayramovun "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verdiyi müsahibəni təkrar təqdim etdik.