2025-ci ilin yanvar-iyul aylarında muxtar respublikada bütün maliyyə mənbələri hesabına əsas kapitala 118 milyon 423,9 min manat vəsait yönəldilib. Bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 45,9 faiz çoxdur.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, vəsaitin 88 milyon 214,6 min manatı (74,5 faizi) tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35,2 faiz artım deməkdir.

Əsas kapitala qoyulan vəsaitlərin yüksək templə artması, əsasən, Naxçıvan şəhərində və muxtar respublikanın digər yaşayış məntəqələrində özəl sektor tərəfindən çoxmənzilli yaşayış binalarının tikintisi ilə bağlıdır.

Hazırda bir sıra ünvanlarda aparılan tikinti layihələri fəal mərhələyə keçib və işlər sürətlə icra olunur.

Hesabat dövründə əsas kapitala yönəldilən vəsaitin 52 milyon 354,7 min manatı (44,2 faizi) dövlət sektorunun, 66 milyon 69,2 min manatı (55,8 faizi) isə qeyri-dövlət sektorunun payına düşüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə dövlət sektorunda qoyuluşlar 48,6 faiz, qeyri-dövlət sektorunda isə 29,7 faiz artıb.

Cəlb edilən vəsaitlərin sahələr üzrə bölgüsünə gəlincə:

28 milyon 551,5 min manat (24,1 faiz) məhsul istehsalı sahələrinə,

35 milyon 271,3 min manat (29,8 faiz) xidmət sahələrinə,

54 milyon 601,1 min manat (46,1 faiz) isə yaşayış evlərinin tikintisinə yönəldilib.