Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi payızlıq əkin mövsümündə fermerlərə dəstək məqsədilə yüksək reproduksiyalı buğda və arpa toxumu təmin edib. Toxumlar muxtar respublikanın iqlim şəraitinə uyğundur və fermerlərin tələbatının bir hissəsini qarşılayacaq. Yeni toxumların tətbiqi məhsuldarlığın artmasına və resursların daha səmərəli istifadəsinə imkan yaradacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hazırda toxumlar mərhələli şəkildə Naxçıvan Muxtar Respublikasına gətirilir və fermerlərə satışı həyata keçirilir.

“Fermerlərin əvvəlki illərin məhsulundan saxladıqları toxumlardan istifadə etməsi məhsuldarlığın azalmasına, həmçinin su və gübrə kimi resursların itkisinə səbəb olur. Buna görə də yüksək keyfiyyətli toxumların əkin materialı kimi istifadəsi əkinçiliyin inkişafı və məhsuldarlığın yüksəlməsi üçün vacibdir. Fermerlər 'Naxçıvan Toxumçuluq' MMC-yə müraciət edərək toxum əldə edə bilərlər”, – deyə Nazirlikdən bildirilib.

2025-ci ilin məhsulu üçün muxtar respublikada ümumilikdə 17 580 hektardan çox sahədə taxıl əkilib. Əkinlərdən ümumilikdə 37 648 tondan çox məhsul götürülüb, orta məhsuldarlıq isə 25,1 sentner/hektar olub.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi məhsuldarlığın artırılması məqsədilə maarifləndirmə tədbirləri aparır, fermerlər üçün düzgün əkin texnologiyası, eləcə də aqrotexniki qulluq qaydalarına dair səyyar aqronom xidməti təşkil edir.