“Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan Muxtar Respublikasında “1 İyun – Uşaqların Beynəlxalq Müdafiə Günü” münasibətilə silsilə bayram tədbirlərinə start verilib. İlk tədbir Kəngərli rayonunda keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub. Bayram mərasimi Kəngərli Rayon İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Çıxış edən Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov və Komitənin sədri Ramilə Seyidova uşaqlara göstərilən dövlət qayğısından danışıblar. Bildirilib ki, muxtar respublikada uşaqların hüquqlarının qorunması, onların təhsili və inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. 2020–2030-cu illər üçün Uşaq Strategiyası və 2023–2027-ci illəri əhatə edən Dövlət Proqramı bu istiqamətdə əsas sənədlərdir.
Tədbirdə təhsil, idman və incəsənət sahəsində fərqlənən uşaqlara diplom və hədiyyələr təqdim olunub. Bədii hissədə şagirdlər və bağça uşaqları vətənpərvərlik mövzusunda mahnı və rəqs nömrələri ilə çıxış ediblər.