Naxçıvan Muxtar Respublikasında sosial müdafiə sahəsində mühüm addımlar atılıb. 2024-cü ildən etibarən məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar və xərclər Azərbaycan Respublikası üzrə mərkəzləşdirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu jurnalistlərə açıqlamasında Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Fərid Bağırzadə bildirib.
O qeyd edib ki, ötən il ərzində muxtar respublika üzrə ümumilikdə 254 milyon 177 min 528 manat məbləğində əmək pensiyası ödənilib. Bunun 163 milyon 843 min 347 manatı yaşa görə, 54 milyon 949 min 859 manatı əlilliyə görə, 35 milyon 384 min 322 manatı isə ailə başçısını itirməyə görə pensiya ödənişlərinə ayrılıb. Həmçinin, 2461 nəfərə əmək pensiyası təyin edilib, onlardan 1608-i (65.3%) proaktiv qaydada olub.
Məcburi dövlət sosial sığorta haqları hesabına müxtəlif kateqoriyalı şəxslərə sosial müavinət və digər ödənişlər həyata keçirilib. 2024-cü ildə vətəndaşlara əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 339 min 127 manat, uşağın anadan olmasına görə 1 milyon 228 min 942 manat, hamiləliyə və doğuma görə 1 milyon 650 min 271 manat, uşağa qulluğa görə 263 min 652 manat və dəfn üçün 1 milyon 156 min 680 manat vəsait ayrılıb. Proaktiv qaydada isə 2360 nəfərə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət təyin olunub.
Muxtar respublikada aztəminatlı ailələrə Ünvanlı Dövlət Sosial Yardımı (ÜDSY) təyin edilməsi prosesi də elektronlaşdırılıb. 2023-cü ilin sentyabr ayından etibarən ÜDSY-nin təyinatı və ödənişi Vahid Elektron Müraciət və Təyinat Altsistemi (VEMTAS) üzərindən həyata keçirilir. Hazırda bütün ünvanlı sosial yardımlar Avtomatlaşdırılmış Sosial İnformasiya Sistemi (ASİS) üzərindən təyin edilir və ödənilir.
2024-cü il ərzində 2683 ailəyə ÜDSY təyin olunub, dövrün sonuna isə 2408 ailəyə ümumilikdə 10 milyon 518 min 780 manat vəsait ödənilib. Ailə başına düşən ÜDSY məbləği 475 manat, adambaşına düşən məbləğ isə 107 manat təşkil edib.
Sosial müavinətlər üzrə də əhəmiyyətli artım müşahidə edilib. Muxtar respublikada 2024-cü ildə aylıq sosial müavinətlər üzrə 41 milyon 523 min 62 manat, birdəfəlik sosial müavinətlər üzrə isə 1 milyon 93 min 391 manat ödəniş edilib.
Qeyd edək ki, 2024-cü ildən etibarən Naxçıvan Muxtar Respublikasında müavinət, təqaüd və Ünvanlı Dövlət Sosial Yardımı üzrə ayrılan vəsaitin böyük hissəsi Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilməyə başlanılıb. Bunun nəticəsində 2024-cü ildə dövlət büdcəsindən Naxçıvanın büdcəsinə ayrılan dotasiya məbləği 93 milyon 45 min 65 manat azaldılıb.