OktyabrIın 1-də Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Ahıllar Günü” ilə əlaqədar Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Həvayət Qurbanova ilə görüş təşkil olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüşdə Həvayət Qurbanovanın keçdiyi həyat və əmək yolu xatırlanıb, uzunmüddətli səmərəli fəaliyyətindən söz açılıb. Komitə sədrinin müavini Aytən Məmmədova bildirib ki, dövlətimiz üçün dəyərli xidmətləri olan insanların zəhməti heç vaxt unudulmur və onların əməyinə hər zaman yüksək qiymət verilir.

Qeyd olunub ki, 1955-ci ildən əmək fəaliyyətinə başlayan Həvayət Qurbanova kənd təsərrüfatı sahəsində çalışıb, 1965-ci ildə pambıqçılıqda yüksək göstəricilər əldə edərək 29 yaşında Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. O, həmçinin SSRİ Ali Sovetinə iki çağırış deputat seçilib. 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ona fərdi təqaüd verilib.

Komitənin Aparat rəhbəri Eltun Həziyev və şöbə müdiri Könül Babayeva da Həvayət Qurbanovanı təbrik edərək ona möhkəm cansağlığı və uzun ömür arzulayıblar.

Görüş zamanı Həvayət Qurbanova xatirələrini bölüşərək göstərilən diqqət və qayğıya görə dövlətə minnətdarlığını ifadə edib. Sonda Komitə tərəfindən ona hədiyyə və gül buketi təqdim olunub.