Naxçıvan şəhərində Naxçıvanda əhalinin təmiz, keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. İçməli suyun keyfiyyətinə nəzarət məqsədilə “İçməli su - Gigiyenik tələblər və keyfiyyət üzrə Nəzarət” AZS 929-2023 dövlət standartına uyğun olaraq su anbarlarının mütəmadi yuyulması və dezinfeksiya edilməsi həyata keçirilir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu çərçivədə Naxçıvan Şəhər Sukanal İdarəsi tərəfindən mart ayından etibarən Emal Qurğularının İstismar Sahəsinin Su Təmizləyici Qurğular Kompleksinə aid su anbarlarının təmizlənməsi işlərinə start verilib. Artıq ümumi tutumu 25 min kubmetr olan su anbarlarının 10 min kubmetri yuyularaq şəffaflaşdırılıb və xlor tərkibli məhlulla dezinfeksiya edilib. Proses Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidmətinin əməkdaşlarının nəzarəti altında həyata keçirilir.

Su anbarlarının yuyulması zamanı onlar tamamilə boşaldılır, dib hissədəki lil çöküntüləri təmizlənir və istismara yararlılığı mütəxəssislər tərəfindən yoxlanılır. Eyni zamanda, aşkar edilən təhlükəli hallar müəyyənləşdirilərək müvafiq təmir-bərpa işləri aparılır. Zərərsizləşdirmə prosesi başa çatdıqdan sonra suyun keyfiyyətinə dövlət nəzarətini həyata keçirən Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidməti tərəfindən uyğunluq arayışları təqdim edilir və yalnız bundan sonra anbarlar yenidən istismara buraxılır.

Təmiz və keyfiyyətli içməli su təminatının yaxşılaşdırılması məqsədilə görülən işlər il ərzində həm mərkəzi, həm də məhəllədaxili su anbarlarında davam etdiriləcək.