“Azərbaycan Respublikasının 2027–2030-cu illər üçün sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsinin hazırlanması çərçivəsində Naxçıvan Muxtar Respublikası üzrə yaradılmış “Sağlam həyat tərzi” Alt İşçi Qrupunun ilk iclası baş tutub.
Alt İşçi Qrupu Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tapşırığına əsasən yaradılıb və qrupun rəhbərliyi Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxova həvalə edilib. İlk iclas Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Nazirlər Kabineti Aparatının nümayəndəsi, ekologiya və təbii sərvətlər, maliyyə və iqtisadiyyat nazirlərinin müavinləri iştirak ediblər.
Toplantıda əhalinin keyfiyyətli və təhlükəsiz içməli su ilə təmin olunması, təmiz havanın sağlamlığa təsiri, düzgün qidalanma, fiziki aktivliyin erkən yaşlardan təşviqi, təhsil müəssisələrində idman dərslərinin keyfiyyətinin artırılması, həmçinin ilkin tibbi-sanitariya xidmətlərinin əlçatanlığının genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Çıxış edənlər müxtəlif sahələrdə görülən işlər, mövcud çağırışlar və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat veriblər. Qurumlararası əməkdaşlığın gücləndirilməsi və koordinasiyalı fəaliyyətin vacibliyi xüsusi vurğulanıb.
İclasın sonunda qarşıda duran vəzifələr və icra mexanizmləri ilə bağlı təkliflər irəli sürülüb, müvafiq tövsiyələr səsləndirilib.