Sentyabr 2025-ci il tarixində Naxçıvan Muxtar Respublikası Turizm Departamentində su ehtiyatlarından turizm məqsədilə istifadə imkanlarının qiymətləndirilməsi və təşviqi üzrə “İşçi qrup”un növbəti iclası keçirilib. Toplantıda Turizm Departamentinin əməkdaşları, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri iştirak ediblər.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, iclası giriş sözü ilə açan Turizm Departamentinin Statistika və araşdırmalar sektorunun müdiri, “İşçi qrup”un rəhbəri Süleyman Rüstəmov Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 oktyabr tarixli 320 nömrəli Sərəncamı ilə təsdiqlənmiş “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın əhəmiyyətini vurğulayıb. O, su ehtiyatlarından turizm məqsədilə istifadənin regionun iqtisadi inkişafına, alternativ turizm fəaliyyətlərinin formalaşmasına, məşğulluğun artımına və yerli icmaların sosial rifahına müsbət təsir göstərəcəyini bildirib.

İclasda ötən görüşdə təqdim olunmuş, süni su anbarlarından idman turizminin inkişafı məqsədilə istifadə edilməsinə dair layihə müzakirəyə çıxarılıb. Layihədə sosial, iqtisadi və ekoloji baxımdan əhəmiyyətli məqamlar qeyd olunub, mövcud potensial imkanlar iştirakçıların diqqətinə çatdırılıb. Eyni zamanda, dünyada su idman turizmi üzrə mövcud bazar meylləri və tendensiyalar da nəzərdən keçirilib.

Təkliflər dinlənildikdən sonra layihənin reallaşdırılması məqsədilə aidiyyəti üzrə təqdim edilməsi tövsiyə olunub.

Sonda növbəti iclasın gündəliyinə dair iştirakçıların təklifləri qəbul edilib.