Naxçıvanda uşaqlar üçün yay mövsümünü daha maraqlı və yadda qalan edən “Yayın sehrli səhifələri” layihəsi çərçivəsində növbəti unudulmaz tədbir baş tutub. “Mənim yay tətilim” adlı yaradıcılıq günündə balacalar rəng, nağıl və musiqi dolu bir atmosferdə əylənərək həm öyrənib, həm də yaradıcı bacarıqlarını nümayiş etdiriblər.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirin əsas hissələrindən biri olan daş boyama zamanı uşaqlar müxtəlif fiqurları rəngləməklə rənglərin sehri ilə tanış olublar. Ardınca keçirilən nağıl saatında isə onlar sehirli aləmlərə səyahət edib, xəyallarla dolu hekayələrin bir parçasına çevriliblər. Günün sonunda isə uşaqları süfrə arxasında əyləncəli musiqi, rəqs və şən anlar gözləyib.
Layihənin məqsədi yay aylarında uşaqların asudə vaxtlarını mənalı keçirmələrini təmin etməklə yanaşı, onların yaradıcılıq potensialını üzə çıxarmaq və kitabxana ilə təmaslarını artırmaqdır. “Yayın sehrli səhifələri” layihəsi 1 iyul – 1 sentyabr 2025-ci il tarixlərini əhatə edir və bu müddət ərzində müxtəlif yaş qrupları üçün maraqlı tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Tədbirin təşkilatçıları uşaqlarla birlikdə bu sevinc və yaradıcılıq dolu anları bölüşməkdən böyük məmnunluq duyduqlarını bildiriblər.