Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkmənistan və Azərbaycanla ticarət dövriyyəsinin genişləndirilməsi və sənaye əməkdaşlığının miqyasının artırılması üzrə təşəbbüslərin praktiki şəkildə həyata keçirilməsi üçün birgə fəaliyyətlərin "yol xəritəsi"nin hazırlanmasını təklif edib.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Ş.Mirziyoyev bunu avqustun 22-də Türkmənistanda Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla yüksək səviyyəli üçtərəfli görüşdə deyib.
Bununla yanaşı, nazirlərin əsas istiqamətlər üzrə müntəzəm görüşləri mexanizminin işə salınması planlaşdırılır.
O qeyd edib ki, son illər Özbəkistanın Türkmənistan və Azərbaycanla qarşılıqlı ticarət həcmi iki dəfə artıb, ticarət dövriyyəsinin strukturunda sənaye mallarının payı isə 40 %-ə çatıb.
Kompleks plan çərçivəsində davamlı ticarət-logistika zəncirlərinin inkişaf etdirilməsi, böyük ticarət şəbəkələrinə çıxışın təmin edilməsi, fitosanitar və karantin tələblərinin unifikasiyası, birgə elektron platformaların işə salınması və s. təklif olunur.