Türk dövlətlərinin QHT-lərinin ilk dəfə Naxçıvanda vahid platformada toplaşması bütün Türk dünyası üçün fərəhli və tarixi hadisədir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu fikirləri Naxçıvan şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumunda çıxışı zamanı Azərbaycan Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev bildirib.
Tural Əliyev bildirib ki, forumda səkkiz müxtəlif ölkədən nümayəndələr iştirak etsə də, hamını türk kimliyi, ortaq dəyərlər və mədəniyyət bir ailə kimi birləşdirir. Onun sözlərinə görə, dövlət qurumları arasında müxtəlif əməkdaşlıq formatları mövcud olsa da, QHT-lər üçün belə bir platforma indiyədək olmayıb. Bu yeni təşəbbüs türk dünyasının vətəndaş cəmiyyəti institutlarının beynəlxalq müstəvidə koordinasiyalı fəaliyyətini təmin edəcək.
Tural Əliyev qeyd edib ki, yaxın dövrdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikası arasında QHT-lər üçün ikitərəfli və çoxtərəfli qrant müsabiqələrinin təşkili genişlənməlidir. O bildirib ki, Azərbaycan tərəfi bu istiqamətdə danışıqlara dərhal başlamağa hazırdır.
O, həmçinin 2022–2025-ci illərdə Azərbaycan QHT-lərinin Türkiyə, Özbəkistan və Qazaxıstan təşkilatları ilə keçirilmiş forumları xatırladaraq, analoji tədbirlərin Qırğızıstan, Macarıstan, Şimali Kipr Türk Cümhuriyyəti və Türkmənistanla da reallaşdırıla biləcəyini deyib.