Uşaqlığımı xatırlayanda düşünürəm ki, evimizdə tək rəngsiz əşya ağ-qara televizor idi. Xalçalar, insanlar, həyatlar — hər şey rəngarəng idi. Amma bu günə baxanda anlayıram ki, o dövrdə evdəki yeganə rəngli şey elə uşaqlığım imiş.
Bəs nə oldu? Niyə soldu dünyamızın rəngi?
Yoxsa kimlərsə bilərəkdən soldurmağa çalışır?
Axı həyat təkcə iki rəngdən ibarət deyil.
Maşınlar, evlər, geyimlər, gündəlik istifadə etdiyimiz texnoloji əşyalar, telefonlar — hamısı ağ, qara, boz tonlara bürünüb.
Bir vaxtlar televizorda baxdığımız ağ-qara görüntüləri indi həyatın özündə izləyirik. Bu rənglərə o qədər bürünmüşük ki, kimsə bir az rəngli geyinəndə dərhal gülür, ələ salırıq.
Bunu bilərəkdən edirik, görəsən?
Yoxsa çoxdan ağ-qaraya həbs olunmuşuq?
Bu rəngli cismin içində ruhumuzun rəngi qaçıb, bəlkə?
Bəs təbiətə nə oldu?
Yaşıllar saralıb, mavilər bozarıb.
Niyə təbiəti də özümüzə bənzətdik?
Maviləri, yaşılları qurudub, yerinə ağ-qara binalar tikdik, göy üzünü bombalarla qaraltdıq, dağlara yol çəkmək üçün dağ çəkdik...
Artıq rəssamın palitrasında cəmi iki rəng qalıb -ağ və qara.
Yeni doğulan uşaqlara solmuş bir dünya buraxdıq.
Saçımız ağardı, qanımız qaraldı.
Bir sözlə, dünyanın rəngi qaçdı.
Və sonda özümüz də ağla qaraya gömüldük.
Ağəli RƏHİMOV
Azərbaycan Televiziyasının əməkdaşı