XIX əsrin sonlarında və XX əsrin əvvəllərində Azərbaycanda maarifçilik hərəkatı milli oyanışın əsas dayaq sütunlarından biri kimi çıxış edirdi. Bu dövrdə yeni təhsil metodları, ana dilində təlim və mütərəqqi pedaqoji ideyaların yayılması milli kimliyin formalaşmasında həlledici rol oynamışdır. Bu prosesin öncüllərindən biri də pedaqoq, maarifçi və dilçi Səfərəli bəy Vəlibəyov olmuşdur. 1881-ci ildə Qori Müəllimlər Seminariyasını bitirən Səfərəli bəy müəllim kimi burada fəaliyyətə başlayıb və 1896-cı ilə qədər seminariyada işləyib.
O, Qori Müəllimlər Seminariyasını bitirən ilk üç azərbaycanlı gəncdən biri olub. Ömrünün təxminən 20 ilini pedaqoji işə sərf edib, onlarla istedadlı gənc yetişdirib. Tətil zamanı Şuşaya dincəlməyə gələrkən burada uşaqlara pulsuz dərs deyib, onları orta və ali məktəblərə daxil olmaq üçün hazırlayıb.
XIX əsrin 80-ci illərindən başlayaraq qabaqcıl ziyalıların Ana dili məktəbi yaratmaq cəhdləri get-gedə artır. Belə məktəblərdən biri 1883-cü ildə Şuşada Səfərəli bəy tərəfindən açılıb. Onun məktəbində müxtəlif təbəqələrdən olan 25 şagird oxuyub. Səfərəli bəy 1896-cı ildə Qoridən Bakıya köçüb. Burada iki il müəllimlik edib. Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Süleyman Sani Axundov kimi görkəmli şəxsiyyətlər ibtidai təhsillərini ondan alıblar.
Səfərəli bəy müasirləri arasında təkcə yaxşı müəllim kimi tanınmamışdı. O, həm də görkəmli maarif xadimi, ustad metodist, bacarıqlı tərcüməçi və hərtərəfli biliyə malik alim kimi şöhrət qazanmışdı.
Onun fəaliyyətində ana dilinin qorunması və tədrisi, xalq maarifinin təşkili, dərs vəsaitlərinin hazırlanması və yeni üsullu məktəblərin qurulması xüsusi yer tutur.
Səfərəli bəyin pedaqoji fəaliyyəti bir tərəfdən təhsildə milli məzmunun yaradılmasına, digər tərəfdən isə müəllim hazırlığı sisteminin təkmilləşdirilməsinə xidmət etmişdir.
Səfərəli bəy təhsildə xəlqilik, humanizm və millilik prinsiplərinə əsaslanırdı. O hesab edirdi ki, ana dilində təhsil xalqın mənəvi dirçəlişinə və sosial tərəqqisinə xidmət etməlidir.
“İbtidai məktəb şagirdlərinə məxsus və hüsnü əxlaqa dair Azərbaycan dilində oxu risaləsi” (1883) onun ilk və ən təsirli dərsliklərindən biridir. Bu kitabda əxlaqi mövzularla bağlı sadə və təsirli mətnlər verilmiş, uşaqların həm dili öyrənməsi, həm də mənəvi tərbiyəsi nəzərdə tutulmuşdur.
“Üsuli-cədidi-lisani-farsi” əsəri fars dili tədrisinə yeni metodika gətirmişdir. Burada dini təhsilin islahı və klassik üsulların müasir tələblərə uyğunlaşdırılması diqqət çəkir. “Xəzineyi-əxbar” adlı iki cildlik ensiklopedik lüğət dövrün maarifçiləri üçün geniş məlumat bazası olmuşdur.
Səfərəli bəy yalnız müəllim deyil, həm də maarifçi ideoloq kimi çıxış edirdi. Onun fəaliyyətində tələbə yetişdirmə fəlsəfəsi əsas yer tutur. Hər bir gənc onun üçün gələcəyin maarifçisi, ziyalısı və xalqının xidmətçisi idi. Bu baxış bucağı onu müasir pedaqogikaya da yaxınlaşdırır. Səfərəli bəy Vəlibəyovun pedaqoji və maarifçilik fəaliyyətini elmi əsaslarla təhlil etmək, onun müasir təhsil sistemi ilə əlaqə nöqtələrini göstərmək və pedaqoji irsini yenidən dəyərləndirməkdir.
Səfərəli bəy Vəlibəyovun fəaliyyəti Azərbaycan pedaqoji fikrinin təşəkkül tapmasında və maarifçilik ideyalarının cəmiyyətə sirayət etməsində mühüm rol oynamışdır. Onun təhsil metodları, dərslikləri və maarifə verdiyi töhfələr bu gün də aktuallığını saxlayır.
Gülmira Sahib qızı
Naxçıvan Müəllimlər İnstitutunun
“Pedaqogika və psixologiya”kafedrasının dosenti,pedaqogika üzrə fəlsəfə doktoru