Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı Şərur şəhəri, Kapitan Seyidov küçəsində yerləşən “Əmioğlu” kafesində ciddi nöqsanlar müəyyən edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, yoxlama zamanı müəssisədə sanitar-gigiyenik qaydalara əməl olunmadığı, alət və avadanlıqların yararsız vəziyyətdə olduğu, dezinfeksiya işlərinin aparılmadığı, mal qonşuluğu prinsipinin pozulduğu məlum olub. Həmçinin, işçilərin tibbi müayinələrdən keçmədiyi və obyektin təmirə ehtiyacı olduğu aşkarlanıb.
Qanunvericiliyə uyğun olaraq, aşkar edilmiş çatışmazlıqlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb və obyektin rəhbərliyinə müvafiq göstərişlər verilib.
Agentlikdən bildirilib ki, istehlakçıların hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə muxtar respublika ərazisində fəaliyyət göstərən bütün ictimai iaşə obyektlərində maarifləndirmə işləri aparılır, verilmiş tapşırıqların icrasına ciddi nəzarət olunur.