Sual: Uşaqların təlim-tərbiyəsi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsi İnzibati Xətalar Məcəlləsində hansı məsuliyyətə səbəb olur?
Cavab: Yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə xəbərdarlıq edilir və ya qırx manatdan altmış manatadək məbləğdə cərimə edilir.
Həmin əməllər yetkinlik yaşına çatmayanların baxımsız qalmasına səbəb olduqda – altmış manatdan yüz manatadək məbləğdə cərimə edilir.
Yuxarıda qeyd olunan əməllər yetkinlik yaşına çatmayanların spirtli içki, narkotik vasitələr və ya psixotrop maddələr qəbul etməsinə və ya avaralıqla məşğul olmasına, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış uşaqlar tərəfindən cinayət əlamətləri olan ictimai təhlükəli əməlin törədilməsinə və ya on dörd yaşından on altı yaşınadək uşaqlar tərəfindən inzibati xəta əlamətləri olan əməlin törədilməsinə səbəb olduqda- altmış manatdan yüz manatadək məbləğdə cərimə edilir.
Sualı cavablandırdı: Şərur rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas - Nurlan Əhmədli