Naxçıvan şəhərinin yaşıllıq zonasının genişləndirilməsi və ekoloji balansın qorunması istiqamətində növbəti addım atılıb. Belə ki, xüsusi şəraitdə yetişdirilmiş, 5 yaşı olan Xan çinarları artıq şəhərə gətirilib və mərkəzi küçələrdə əkilməsi həyata keçirilir.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova məlumat verib.
Onun sözlərinə görə, hazırda 600 ədəd Xan çinarı şəhərin müxtəlif ərazilərində əkilib və bu proses mərhələli şəkildə davam etdiriləcək:
"Bu çinarlar sadəcə bir ağac deyil, həm də tarixdir. Onlar 1000-1500 ilə qədər ömür sürə bilir və 20 metrdən 50 metrə qədər hündürlüyə çatır. Naxçıvanda yaşıllıq sahələri çoxdur, lakin əksər hallarda dekorativ ağaclar üstünlük təşkil edir. Bu ağacların kölgəsi zəif olduğu üçün yay aylarında, isti günlərdə vətəndaşlara rahatlıq yaratmır. Xan çinarları isə həm geniş kölgəlik yaradır, həm də şəhərimizin estetik görünüşünə xüsusi rəng qatır."
Gülxanım Orucova qeyd edib ki, bu layihə həm ekoloji cəhətdən faydalı, həm də şəhərin abadlaşdırılması baxımından əhəmiyyətlidir. O, şəhər sakinlərini yaşıllıqlara qayğı ilə yanaşmağa çağırıb.