Sovet rəhbərliyinin ermənipərəst siyasətinə, himayədarlarının köməyinə arxalanan erməni şovinisləri 1988-ci ildən etibarən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qarşı ərazi iddiaları ilə çıxış etmişlər. İlk vaxtlar vəziyyəti son dərəcə gərginləşdirməyə, ictimai rəyi öz tərəflərinə çəkməyə çalışan erməni siyasətçiləri və onların havadarları Dağlıq Qarabağ vilayətinin iqtisadi çəhətdən geridə qaldığını bəhanə edərək hazırlanmış plan üzrə Xankəndidə və Yerevanda davamlı tətillər keçirmişlər. Müəssisələr dayandırılmış və kütləvi mitinqlər təşkil edilmişdi. Bu dövrdə avqustun axırı və sentyabrın əvvəllərində Kərkicahan və Xocalı üzərinə ermənilərin kütləvi hücumu baş vermişdir. Sentyabrın 18-də ermənilər Xankəndidə yaşayan 15 minə qədər azərbaycanlını şəhərdən zorakılıqla çıxararaq onların evlərini yandırmışlar. Bununla yanaşı, Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də Azərbaycanın suverenliyini kobud surətdə pozaraq DQMV-nin Ermənistan SSR-ə birləşdirilməsi haqqında Konstitusiyaya zidd qərar qəbul etmişdir. 1990-cı ilin sonu-1991-ci ilin əvvəllərində vəziyyət daha da kəskinləşmişdi. DQMV-la yanaşı Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas almışdı. Bu illərdə Moskva-Bakı sərnişin qatarlarında, Tbilisi-Bakı, Tbilisi-Ağdam, Ağdam-Şuşa, Ağdam-Xocalı marşrutları üzrə avtomobillərdə törədilən terror aktları nəticəsində yüzlərlə azərbaycanlının həyatına son qoyulmuşdu. Erməni separatçıların qarşısının alınmaması nəticəsində vəziyyət daha da kəskinləşmişdi. Ermənistandan göndərilən silahlı dəstələr və hərbi texnikanın köməyi ilə azərbaycanlılara qarşı daha qanlı cinayətlər törədilməyə başlanılmışdı.
1991-ci ilin iyun-dekabr aylarında erməni silahlı qüvvələrinin Xocavəndin Qaradağlı və Əsgəran rayonunun Meşəli kəndinə hücumu nəticəsində 12 nəfər öldürülmüşdü, 15 nəfər isə yaralanmışdı. Həmin ilin avqust və sentyabr aylarında Şuşa-Cəmilli, Ağdam-Xocavənd və Ağdam-Qaradağlı avtobuslarının erməni silahlı dəstələri tərəfindən atəşə tutulması nəticəsində 17 nəfər həlak olmuşdu, 90 nəfərə qədər azərbaycanlı yaralanmışdı. 1991-ci il oktyabrın sonunda və noyabr ayı ərzində Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış məntəqəsi, o cümlədən Tuğ, İmarət-Qərvənd, Sırxavənd, Meşəli, Cəmilli, Umudlu, Qaradağlı, Kərkicahan və s. bu kimi digər strateji əhəmiyyətə malik kəndlərimiz ermənilər tərəfindən yandırılmış, talan edilmişdi.
1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistan ordusu bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etmişlər Bu dövrdə fevral ayının 12-də Şuşanın Malıbəyli və Quşçular kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən zəbt olunmuşdu. Fevralın 13-dən 17-dək Xocavənd rayonunun Qaradağlı kəndinə edilən silahlı hücum zamanı 118 nəfər (uşaq, qadın, qoca) əsir götürülmüş, 33 nəfər ermənilər tərəfindən güllələnmişdi. 42 ailə öz ailə başçısını itirmiş, 140-a yaxın uşaq yetim qalmışdır. Əsir götürülənlərdən 68 nəfəri amansızlıqla öldürülmüşü.
Xocalı faciəsi, Xocalı Soyqrımı Ermənilər tərəfindən həyata keçirilən etnik təmmizləmə siyzsətinin ən ən qanlı səhifəsidir. Bu faciə, soqrımı tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Liditsa, Oradur, Xolokost, Sonqmi, Ruanda və Srebrenitsa kimi dəhşətli faciələrdən heç də fərqlənmir. Adı çəkilən hadisələr müharibələr tarixinə dinc əhalinin soyqırımı olaraq daxil olmuş və bütün dünyada geniş əks-səda doğurmuşdur. Ermənilərin Xocalı şəhərini hər vasitə ilə ələ keçirməsinin əsas səbəblərindən biri ondan ibarət olmuşdur ki, Azərbaycanlılardan ibarət 7 min nəfərdən çox əhalisi olan Xocalı (ərazisi: 926 kv.km.) ermənilər yaşayan kəndlərin əhatəsində ən böyük və qədim yaşayış məskəni idi. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində strateji əhəmiyyətli ərazi kimi ermənilərin işğalçılıq planlarına mane olurdu. Şəhərin əhəmiyyətini artıran səbəblərdən biri də Dağlıq Qarabağın yeganə hava limanının məhz burada yerləşirdi. Buna görə Ermənistan silahlı qüvvələrinin əsas məqsədi Xocalıdan keçən Əsgəran-Xankəndi yoluna nəzarət etmək və Xocalıda yerləşən hava limanını ələ keçirmək olmuşdur. Faciə ərəfəsində, faciədən 4 ay əvvəl, yəni 1991-ci il oktyabrın sonundan şəhərə gedən bütün avtomobil yolları bağlanmış və Xocalı faktiki olaraq mühasirəyə alınmışdı. Yanvarın 2-dən Xocalıya verilən elektrik enerjisi də kəsilmişdi. Beləliklə, artıq Xocalının Azərbaycanın digər bölgələri ilə bütün əlaqələri kəsilmiş, yalnız yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Ancaq bir neçə ay sonra Xocalı ilə vertolyot əlaqəsi də kəsilmişdi. 1992-ci ilin yanvarın 28-də Ağdamdan Şuşaya uçan Mİ-8 vertolyotu şəhərə çatmamış, Xəlfəli kəndinin üzərində Xankəndi tərəfindən raketlə partladılmışdı. Bu zaman 3 nəfər heyət üzvü və 41 sərnişin həlak olmuşdu. Bundan sonra isə Ermənistan ordusu bir-birinin ardınca yuxarı Qarabağdakı azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etmişlər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın 10 tankı, 16 zirehli transpartyoru, 9 piyadaların döyüş maşını, 180 nəfər hərbi mütəxəssisi və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə almışlar. İstintaq materiallarından məlum olmuşdur ki, hücuma rəhbərlik edən Seyran Ohanyanın, eləcə də 366-cı alayın 3-cü batalyonunun komandiri Yevqeniy Nabokixinin komandasında əlavə olaraq 50-dən çox erməni zabiti və gizirləri də bu əməliyyatda iştirak etmişlər. Ən müasir silahlarla şəhərə hücum edərək Xocalı şəhərini yerlə-yeksan etmiş, insanları xüsusi qəddarlıqla qətlə yetirilmişlər. Bu soyqırımı nəticəsində, rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülmüşdür ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar olmuşdu. Faciə zamanı 1275 insan əsir götürülmüşdür, 8 ailə tamamilə məhv edilmişdir, 27 ailənin yalnız 1 üzvü qalmışdır; 25 uşaq hər iki valideynini itirmişdir, 56 insan işgəncə ilə öldürülmüşdür. Xocalıya hücum zamanı erməni kəndlərinin mühasirəsində qalmış şəhərin 3000 nəfərədək silahsız mülki əhalisi düşməndən xilas olmaq üçün şəhəri tərk etmişdi. Lakin Xocalıya heç bir kömək olmadığından həmin əhalinin böyük bir hissəsi də erməni vəhşiliyindən xilas ola bilməmişdi.
Ermənilərin törətdiyi vəhşiliklər həmin dövrdə bir çox dünyanın ən nüfuzlu mətbuat orqanlarının səhifələrində öz əksini tapmışdır. Fransanın “Le Mond” qəzetində 1992-ci il 14 mart tarixli sayında ermənilərin törətdikləri vəhşiliklər haqqında deyilirdi: “Ağdamda olan xarici jurnalistlər Xocalıda qətlə yetirilmiş qadınlar və uşaqlar arasında başının dərisi soyulmuş, dırnaqları çıxarılmış üç meyit görmüşlər. Bu, azərbaycanlıların təbliğatı deyil, reallıqdır”.
Ermənilərin Xocalıda törətdikləri vəhşilikləri faktlarla sübut edən Rusiyanın “Memorial” Hüquq-Müdafiə Mərkəzinin məlumatında qeyd edilmişdir ki, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, onlarca meyitin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurularaq öldürülmüşdür.
Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir. 2002-ci il fevralın 25-də ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində bu amansız kütləvi qırğının tarixi-siyasi mahiyyətini göstərərək qeyd etmişdir ki, “Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Ermənistanın ölkəmizə qarşı təcavüzü, Xocalı soyqırımının tanıdılması və soyqırımına siyasi qiymət verilməsi istiqamətində bir çox mühüm işlər görülmüşdür. Tarixi faktlara nəzər salsaq görürük ki, onun tanıdılması, siyasi qiymət verilməsi istiqamətində görülən işlər nəticəsində Xocalı soyqırımının 14-cü, 15-ci və 16-cı ildönümü Türkiyədə, Rusiyada, Almaniyada, ABŞ-da, Ukraynada, Qazaxıstanda, Gürcüstanda, Küveytdə və dünyanın bir çox ölkələrində qeyd olunmuşdur. 2005-2007-ci ilin fevral aylarında Türkiyə Böyük Millət Məclisinin xüsusi iclaslarında Xocalı soyqırımı ilə bağlı məsələ geniş müzakirə olunmuşdur. 2011-ci il fevralın 19-dan 26-dək isə Türkiyənin ayrı-ayrı şəhərlərində “Xocalı həftəsi” adlı tədbirlər proqramı çərçivəsində müxtəlif anım mərasimləri, aksiyalar keçirilmiş və bu tədbirlər hər il davam etdirilir.
Xocalı soyqırımının ABŞ-da tanınması istiqamətində ilk addım 2010-cu il fevralın 25-də atılmışdır. Həmin gün Massaçusets ştatının Nümayəndələr Palatası Xocalıda qırğın törədilməsi faktının tanınması haqqında qətnamə qəbul etmişdir. 2011-ci il iyunun 11-də isə ABŞ-ın Texas ştatı Ermənistan tərəfindən Xocalıda çox ağır cinayət törədilməsi faktını tanımışdır. Ştatın Nümayəndələr Palatası tərəfindən qəbul edilmiş 535 nömrəli qətnamədə Azərbaycanın Xocalı şəhərinin dinc sakinlərinin Ermənistan silahlı qüvvələri tərəfindən qırğına məruz qalması pislənilir. Bu prosesin davamı olaraq 2012-ci il fevralın 22-də Nyu-Cersi ştatı, daha sonra isə Corciya ştatı Xocalı qətliamı ilə bağlı qətnamə qəbul etmişdir. Corciya ştatının Nümayəndələr Palatasında 1594 saylı qətnamə Azərbaycan və türk diasporunun həyata keçirdiyi kampaniya nəticəsində qəbul edilmişdir. 2012-ci il martın 23-də isə daha bir Amerika ştatı - Men ştatının Nümayəndələr Palatası Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar qətnamə qəbul etmişdir. Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması 2013-cü ildə daha geniş vüsət aldı. Belə ki, yanvarın 28-də Nyu-Meksiko ştatının əvvəlcə senat, sonra isə Nümayəndələr Palatasında Xocalı soyqırımının tanınmasına dair qətnamə qəbul edilmişdir. Bunun ardınca, ABŞ-ın Arkanzas ştatının Nümayəndələr Palatası fevralın 8-də, senatı isə fevralın 11-də, fevralın 25-də isə Missisipi ştatı Xocalı soyqırımına dair qətnamələr qəbul etmişdir. Daha sonra martın 4-də Oklahoma ştatı, 8-də İndiana ştatı, 18-də Pensilvaniya ştatının Baş Assambleyası və Tennesi ştatının qanunverici orqanının Nümayəndələr Palatasında, aprelin 3-də Vest Virciniya ştatının qanunverici orqanının Nümayəndələr Palatasında Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı qətnamə qəbul edilmiş, mayın 3-də isə Konnektikut ştatının Baş Assambleyası Xocalı qətliamını rəsmən tanımışdır. 2015-ci ilin fevralında Arizona ştatının Senatı (yuxarı palata) Xocalı hadisələrini soyqırımı kimi tanıyan qətnamə qəbul etmiş, mart ayında isə Yuta ştatının qubernatoru tərəfindən Xocalı qətliamının tanınması ilə bağlı sənəd imzalanmışdır. 2016-cı ildə ABŞ-ın Nebraska, Havay, Montana və Aydaho ştatları Xocalı soyqırımının tanınması ilə bağlı xüsusi bəyannamə imzalamış və bununla da ABŞ-da Xocalı soyqırımını tanıyan ştatların sayı 21-ə çatmışdır. 2011-ci il dekabrın 20-də Meksika Konqresinin Deputatlar Palatası Xocalıda soyqırımı törədilməsini kəskin pisləyən qərar qəbul etmişdir. 2012-ci il fevralın 1-də Pakistan Senatı Xocalı soyqırımının tanıması barədə qətnamə qəbul etmişdir. İyunun 13-də Peru parlamenti, iyulun 30-da isə Kolumbiya Konqresinin Nümayəndələr Komitəsi də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımına dair qərarlar qəbul etmişdir. Avqustun 13-də Panama Milli Assambleyasında “Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsi”nə dair 4 saylı qətnamə qəbul edilmişdir. Sənəddə azərbaycanlılara qarşı Xocalıda təcavüzkar ölkə tərəfindən törədilmiş soyqırımı qətiyyətlə pislənilmiş, həmçinin BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinə əməl edilməsi üçün Ermənistan Respublikası hökumətinə çağırış ifadə edilmişdir. 2014-cü il yanvarın 17-də Honduras Milli Konqresi Azərbaycan ərazilərinin işğalı və Xocalı soyqırımını tanıyan 333-2013 saylı Qərar qəbul etmişdir. Honduras Milli Konqresinin qəbul etdiyi bu qərar Konqresin Prezidenti və katibləri tərəfindən təsdiq edilmiş, 2014-cü ilin 24 yanvar tarixində Honduras Respublikasının Prezidenti və xarici işlər naziri tərəfindən təsdiq edildikdən sonra, 2014-cü ilin 13 fevral tarixində ölkənin rəsmi mətbuat orqanıda çap edilmişdi.
Azərbaycan Ordusunun 2020-ci ilin sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kəndi, o cümlədən Xocalı rayonunun Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Şuşakənd, Muxtar, Daşaltı kəndləri də işğaldan azad edilmişdir. 44 günlük Vətən müharibəsi zamanı Xocalının bir neçə kəndinin düşməndən azad edilməsi ilə başlayan bu salnamə 2023-cü ilin 19-20 sentyabr antiterror tədbirləri zamanı Xocalının və bütün kəndlərinin tam işğaldan azad olunması ilə yekunlaşdı. Torpaqlarımızın işğaldan azad olunması ilə nənki Xocalı şəhidlərinin, eləcə də torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün qorunub saxlanılmasında qəhramanlıq göstərən bütün şəhidlərimizin, qazilərimizin qisası alındı. Alah şəhidlərimizə rəhmət etsin, qazilərimizin şəfasını versin.
Toğrul Xəlilov
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun
“Antik və Orta əsrlər arxeologiyası” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent