Azərbaycan poeziyasının heç vaxt sönməyən, əbədiyanar və əbədiyaşar şairlərindən biri Mikayıl Müşfiqdir. Müşfiq əbədi olaraq xalqın qəlbində, ədəbiyyatında yaşamaqdadır. 29 il ömür yaşadı Mikayıl Müşfiq. Müşfiq sanki anadan şair doğulmuşdu. Azərbaycanın poeziya tarixinə adını qızıl hərflərlə yazdırmağı bacardı Mikayıl Müşfiq. Bu gün onun şeirləri, yaşlı nəsillə bərabər, gənclərin də dillər əzbəridir. Hamı sevir bu əsərləri.
Ötən əsrin birinci yarısının sənətkarları nəslinə mənsub olan istedadlı şair çox qısa bir ömür yaşamasına baxmayaraq Azərbaycan poeziyasının inkişafında, onun yeni mövzu, bəşəri məzmunla zənginləşməsində böyük rol oynamışdır. Şair çox gözəl qeyd edirdi:
Yazmaram ürəyim sizi anmasa,
Sizin еşqinizlə alovlanmasa;
Burdaca еl durub məndən sordu кi:
Gözdən yaş çıхarmı ürəк yanmasa?
Qönçə açılarmı, bahar olmasa?
Şölə titrəyərmi, ruzgar olmasa?
Bu nəğmə ruhumdan qoparmı bilməm,
Mənə ilham vеrən dostlar olmasa
Bəli, Mikayıl yazdı. Yazdıqcada poeziyamızın zirvəsinə qalxdı. Vətən, ana haqqında yazdığı şeirlər şairin kimliyindən xəbər verir.
Vətənini dərin bir məhəbbətlə sevən Mikayıl Müşfiq onu hər zaman abad, müstəqil, azad görmək istəyirdi. Vətən üçün döyünən bir qəlb sahibi yazırdı bu şeiri:
Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əlləşən
Dostdan, aşinadan necə əl çəkim?
Həyat dedikləri bu keşməkeşdən,
Qəlbimdə, qanımda yanan atəşdən,
Gecədən, gündüzdən, aydan, günəşdən,
Bu əngin fəzadan necə əl çəkim?
Şair ən son şeirlərindən biri olan “Öylə zənn etmə ki, mənim varlığım” adlı şeirində yazırdı:
Öylə zənn etmə ki, mənim varlığım
İpək saçlarından daha incədir.
Mən ölüm beşiyi bir məzarlığam
Əllərində həyat bir əyləncədir.
Uçurumam gecəyəm boranam çəkin
Toxunsam hər kimə xırpalaram mən.
İçimdə hirsi var azğın bir eşqin
Hər yolun sonuna çıxan yaram mən.
M.Müşfiq maraqlı və orijinal əsərləri ilə ədəbiyyatımızda dərin izlər qoydu. Nakam şairin lirikasının hər bəndi, hər misrası oxucu qəlbinin dərinliklərinə nüfuz edir, könülləri oxşayır, insanları yüksək hisslər, yüksək amallar aləminə aparır. M.Müşfiq lirikasının əzəməti də məhz bundadır!
İki aylığında anasını itirən, ana nəvazişi, ana qayğısı görməyən M.Müşfiqin “Ana” şeiri daha də qəlblərə yol tapır. “Ana” şeirində şair ananı elə vəsf edir ki, bəlkə də uzun ömür yaşayan və bütün həyatı boyu ana nəvazişi ilə böyüyən bir şair belə, ananı belə tərənnüm edə bilməz.
Ana dedim, ürəyimə yanar odlar saçıldı,
Ana dedim, bir ürpəriş hasil oldu canımda,
Ana dedim, qarşıma bir gözəl səhnə açıldı,
Ana dedim, fəqət onu görməz oldum yanımda…
Ana, ana!... Bu kəlmənin vurğunuyam əzəldən,
Onu gözəl anlatamaz düşündüyüm satırlar.
Ana olmaz bizə hər bir "yavrum" deyən gözəldən,
Çünki onun xilqətində ayrıca bir füsun var.
Müşfiq yaradıcılığında diqqət çəkən məqaqmlardan biri də Dilbərə həsr etdiyi şeirlər idi. Dilbər Müşfiq üçün həyat eşqi idi. Dilbər xanıma olan sonsuz məhəbbəti Müşfiqi əsl mənada məhəbbət şairinə çevirmişdi:
Mən Dilbəri sordum gəlib-gedəndən,
Dedilər, barışmaz, küsmüşdür səndən.
Mən iltifat etdim, o qaçdı məndən,
Qaçqın ədasına qurban olduğum.
Hicranı qəlbimi yandırar, yaxar,
Gözlərim yollara baxar, hey baxar,
Müşfiq səni anar, sənsiz odlanar,
İtmiş xəyalına qurban olduğum.
Müşfiq çox yaşamadı. Yaşasaydı daha nələr yazib yaradardı. Amma 37-ci ilin qanlı repressiyası Müşfiq ailəsindən də yan keçmədi. Sovet imperiyasının repressiya qurbanı olmuş Mikayıl Müşfiq 1938-ci il yanvar ayının 6-da amansızlıqla güllələndi. 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının qərarına əsasən ölümündən sonra bəraət verildi şairə .
Çox qısa ömür yaşadı Mikayıl Müşfiq. Qısa ömür yaşamasına baxmayaraq, maraqlı və orijinal əsərləri ilə ədəbiyyatımızda dərin izlər qoyan Mikayıl Müşfiq gözəl insan, əsl şair idi. Yaşasaydı yenə yazardı:
Yenə o bağ olaydı, yenə yığışaraq siz
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı, səni tez-tez görəydim,
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
Yazaydım səhər-axşam.
Arzuya bax, sevgilim, tellərindən incəmi?
Söylə, ürəyincəmi?
Fəxriyyə CƏFƏROVA