Naxçıvan Muxtar Respublikasında əhalinin sağlamlığının qorunması, xəstəliklərin qarşısının alınması və tibbi xidmətlərin əlçatanlığının təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu məqsədlə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Zəfərin gücü ilə sağlamlıq ayı” tibbi aksiyası təşkil olunacaqdır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, aksiyaya 1 oktyabr tarixində Cəhri kənd Ailə Sağlamlıq Mərkəzində start veriləcəkdir. Sözügedən təşəbbüs çərçivəsində kənd sakinləri müxtəlif ixtisas həkimlərinin qəbulu və müayinələrindən ödənişsiz yararlanmaq imkanı qazanacaqlar. Belə ki, aksiyada iştirak edən vətəndaşlar aşağıdakı tibbi xidmətlərdən faydalana biləcəklər:

Nevropatoloqun müayinəsi;

Kardioloqun müayinəsi;

Ürəyin fəaliyyətinin qiymətləndirilməsi məqsədilə EKQ və EXO-kardioqrafiya müayinələri;

Ultrasəs (USM) müayinəsi;

Terapevtin qəbulu;

Pediatrın müayinəsi;

Ginekoloqun müayinəsi.

Bu aksiyanın əsas məqsədi vətəndaşlarımızın vaxtında tibbi müayinədən keçməsinə şərait yaratmaq, xəstəliklərin erkən mərhələdə aşkarlanmasına nail olmaq, habelə sağlam həyat tərzinin təşviqini təmin etməkdir.

Sakinlərin tibbi xidmətlərdən rahat və səmərəli şəkildə yararlana bilməsi üçün bütün zəruri təşkilati işlər görülmüşdür. Aksiya ərzində hər bir vətəndaş həkim müayinələrinə müraciət edərək sağlamlığını nəzarətdə saxlamaq imkanı əldə edəcəkdir.